Şəki Xan Sarayındaekskursiya
Şəkinin mərkəzində, 500 illik çinar ağacının kölgəsində qərar tutmuş, gözəl naxışlar vurulmuş, milli ornamentlərlə bəzədilmiş Xan Sarayı xanlıqlar dövrünə aid ən möhtəşəm memarlıq abidəsidir. Saray 18-ci əsrdə Qafqaz dağlarının ətəklərində Şəki xanının yay iqamətgahı kimi inşa edilmişdir. Yerli hökmdarlar tikinti işlərində ən xırda detallara xüsusi diqqət yetirirdilər: sarayın divarları daxildən və xaricdən zərif təsvirlərdən tutmuş həndəsi fiqurlu kirəmitlərə qədər mürəkkəb naxışlarla bəzədilmişdir. Sarayın şəbəkə üsulu ilə işlənmiş pəncərələri Şəkinin ən gözəl sənətkarlıq nümunələrindən biridir – şəbəkələr yapışqan və mismardan istifadə edilmədən minlərlə müxtəlif rəngli şüşə parçaları və taxtadan hazırlanmışdır. Təcrübəli bələdçi ilə bu saraya yollanın və şəkili ustaların misilsiz əl işindən zövq alın.