“qızılgüllər diyarı”Zaqatala
Zaqatalaya qızılgül kolları ötən əsrin 60-cı illərində Bolqarıstandan gətirilib. Həmin dövrdən başlayaraq rayonda qızılgülün “Raduqa”, “Krım”, “Mürəbbə qızılgülü” və s. növləri yetişdirilir, küçələri, həyətləri bəzəyən qızılgüllər hər yerdə göz oxşayır. Yerli sakinlər bu gülün sadəcə gözəlliyi və ətrindən zövq almaqla kifayətlənməmiş, ondan qızılgül mürəbbəsi, gül suyu, gülab, şərbətlər hazırlamaqda da ad çıxarıblar.
Yolunuzu Zaqatalanın Aşağı Tala kəndində yerləşən “Lecheq Farm and Distillery” gül yağı emalı zavoduna məxsus qızılgül və lavanda plantasiyalarından salsanız, özünüzü sanki cənnətdə hiss edəcəksiniz. 2016-cı ildən fəaliyyət göstərən “Lecheq Farm and Distillery” təsərrüfatında Dəməşq qızılgülü, ensizyarpaq lavanda və nanə kimi bitkilər yetişdirilir. Burada olarkən dörd bir yanı bürüyən gözəlliyi seyr etdikcə güllərin bihuşedici qoxusu sizi valeh edəcək. Yaxşı olar ki, isti günəşdən qorunmaq üçün kölgəsi olmayan gül sahələrini səhər saatlarında ziyarət edəsiniz. Bu güllərin əhatəsində şəkillər çəkdirmək isə dostlarınızın xeyli marağına səbəb olacaq.
“Lecheq Farm and Distillery” zavodunun qızılgül sahələrinə turlar may ayının əvvəllərindən başlayır və siz hər gün səhər saat 7-dən 12-dək buraya baş çəkə bilərsiniz. Lavanda sahələrində olmaq üçün ən uyğun vaxt isə iyunun ortalarından iyul ayının əvvəlinədək günün erkən saatları və ya axşam saat 4-dən sonradır.
Plantasiyaların yaxınlığında yerləşən gül yağı emalı zavodunda müxtəlif sahələrdə istifadə olunan gül yağı istehsalının dəyər zənciri boyunca – xammaldan son məhsuladək olan bütün prosesin canlı şahidi olacaqsınız. “Lecheq Farm and Distillery” zavodu və plantasiyalarına öncədən sifariş edəcəyiniz xüsusi turlar zamanı siz zavoddan hətta simvolik həcmdə gül yağı da ala bilərsiniz.
Ətraflı məlumat üçün:
“Lecheq Farm and Distillery” MMC
Ünvan: Aşağı Tala kəndi, Zaqatala rayonu, AZ6200
Tel.: +99455 2050051, +99451 305 60 68, +994012 3100807.