Azərbaycan Asiya-Sakit Okean Turizm Assosiasiyasının illik sammitində təmsil olunur

17 May 2024
Azərbaycan Asiya-Sakit Okean Turizm Assosiasiyasının illik sammitində təmsil olunur

Azərbaycan 15-17 may tarixlərində Çinin Makao şəhərində keçirilən Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) illik sammitində Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən təmsil olunur.

Sammitdə ölkəmizi Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov təmsil edirlər.

Mayın 16-da Florian Zenqstşmid "Liderlərin Dialoqu: Gələcəyə əsaslanan Səyahət və Turizm Siyasətləri" adlı panel müzakirəsində dəvətli spiker kimi çıxış edib.

Bu panel müzakirəsi məsuliyyətli və dayanıqlı turizmin müxtəlif aspektlərini, dayanıqlı inkişaf üçün yaradılan imkanlarını dəyərləndirmək məqsədilə keçirilib.

Zenqstşmid öz çıxışında Azərbaycanın turizm sahəsində dövlət idarəetməsi səviyyəsində atdığı nümunəvi addımlardan, mehmanxanaların ulduz sertifikasiyası ilə bağlı yaradılmış uğurlu dövlət-özəl əməkdaşlığı modelindən, Basqalda regenerativ və icma əsaslı turizmin inkişafı ilə bağlı icra olunan uğurlu dövlət layihələrindən, həmçinin, Xınalıq və Köç Yolunun UNESCO Mədəni İrsi siyahısına əlavə edilməklə yeni turizm məhsulu kimi təqdim edilmə potensialından, süni intellektin qlobal turizmin inkişafında oynadığı rolundan bəhs etmişdir.inki

Səfər çərçivəsində Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov PATA-nın regionda turizmin gələcəyi və qərarların qəbulu prosesinə həsr olunmuş hökumət nümayəndələrinin iclasında iştirak edib.

Qeyd edək ki, PATA-nın illik sammiti turizm sənayesinin inkişafındakı problemləri və fürsətləri müzakirə etmək üçün dövlət və özəl sektoru təmsil edən beynəlxalq turizm nümayəndələrini bir araya gətirən platformadır.

Azərbaycan PATA-ya 2019-cu ildən etibarən üzvdür.

xəbər bülletenimizə abunə olun