əbədi alovlar haqdasirr və əfsanələr
Bakının neft və qaz yataqları ilə zəngin nadir təbiəti hələ qədim zamanlardan səyyahların diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Bakının Suraxanı kəndində yerləşən Atəşgah məbədi milyonlarla insan üçün ziyarətgaha çevrilib. Zərdüştilərin müqəddəs məbədinin yerində XVII-XVIII əsrlərdə inşa edilmiş Atəşgah Hindistandan olan zəvvarlar üçün ibadətgaha çevrilmişdi. Hindistanlı turistlər bu gün də Atəşgahı böyük həvəs və dərin ehtiramla ziyarət edirlər. Hazırda bura açıq səma altında möhtəşəm muzeydir. Bundan əlavə, turistlər yaxınlıqdakı Məhəmmədi kəndində yerləşən Yanardağa da səfər edirlər. Yanardağda təbii möcüzə olan alov təpənin ətəyində 10 metrə qədər uzunluğa malik yerdə üzə çıxır. XIII əsrdə Marko Polonun xatirələrində təsvir edilmiş bu təbii alov Yanardağa gələn turistləri hələ də heyran qoyur. Yanardağ qoruğunun ərazisində yenidənqurma işləri həyata keçirilib və burada yaradılmış yeni və müasir muzeydə qoruq barədə geniş məlumat ala bilərsiniz.